Bizimlə Əlaqə Saxlayın

Edit Template

Əslində, ən vacib bacarıq hansıdır?

Dünya dəyişdikcə insanın ehtiyac duyduğu bacarıqlar da dəyişir. Əslində, insanın inkişafı ilə zamanın inkişafı arasında daim paralel bir hərəkət var. Zaman bir yerdə dayanmır. Yeni texnologiyalar yaranır, yeni peşələr meydana çıxır, iş modelləri dəyişir, kommunikasiya formaları yenilənir, məlumatın əldə olunması və emalı sürətlənir. Bütün bunlarla birlikdə insanın sahib olmalı olduğu bacarıqlar haqqında təsəvvürlər də dəyişir.

Əgər zaman və insan bir yerdə dayanıb qalsaydı, “aktual bacarıqlar” anlayışına da ehtiyac olmazdı. Deməli, aktual bacarıqlar məsələsinin daim gündəmdə olması həm zamanın, həm də insanın inkişafının göstəricisidir. Bu gün aktual hesab etdiyimiz bir bacarıq bir neçə ildən sonra əvvəlki qədər əhəmiyyətli olmaya bilər. Əvəzində, bu gün haqqında çox danışmadığımız başqa bir bacarıq isə əsas üstünlüklərdən birinə çevrilə bilər. Məhz buna görə müxtəlif təşkilatlar, araşdırma mərkəzləri və institutlar mütəmadi olaraq bu gün və gələcək üçün vacib hesab etdikləri bacarıqların siyahılarını dərc edirlər. Bu siyahılara baxanda ilk baxışdan elə görünür ki, çox şey dəyişmir. Liderlik, kommunikasiya, komanda ilə işləmək, emosional zəka, problem həll etmə, yaradıcılıq, tənqidi düşünmə və aktiv dinləmə kimi bacarıqlar uzun müddətdir bu siyahılarda öz yerini qoruyur.

Amma bu siyahılara 10–15 illik perspektivdən baxanda əslində böyük dəyişiklikləri görmək mümkündür. Çünki dəyişən təkcə bacarıqların adı deyil. İnsanın həmin bacarıqlara hansı şəraitdə və nə üçün ehtiyac duyduğu da dəyişir. Bir vaxtlar informasiya əldə etmək əsas üstünlük idisə, bu gün informasiya bolluğu şəraitində düzgün informasiyanı seçmək daha vacibdir. Bir vaxtlar müəyyən peşəni yaxşı bilmək uzunmüddətli üstünlük yaradırdısa, bu gün həmin peşə daxilində daim yenilənmək və yeni bilikləri mənimsəmək daha böyük üstünlük yaradır.

Bunu ən yaxşı texnologiyanın inkişafında görmək mümkündür. Məsələn, bir neçə onillik əvvəl kompüterdən istifadə etməyi bacarmaq əmək bazarında ciddi üstünlük hesab olunurdu. Sonra internetdən istifadə, elektron poçt, müxtəlif proqram təminatları və rəqəmsal alətlər ön plana çıxdı. Bu gün isə süni intellektdən düzgün istifadə etmək getdikcə daha vacib bacarıqlardan birinə çevrilir. Bir neçə ildən sonra isə bu siyahıya bizim bu gün adını belə bilmədiyimiz başqa bacarıqlar əlavə oluna bilər.

Burada maraqlı bir sual yaranır: insan hər dəfə yeni bir texnologiya və ya yeni bir bacarıq ortaya çıxanda yenidən kiminsə ona bunu öyrətməsini gözləməlidir? Məncə, yox. Çünki bütün bu dəyişikliklərin arxasında daha fundamental bir bacarıq dayanır: özün öyrənmə (self study) bacarığı. Bu gün “ən vacib bacarıq hansıdır?” sualına müxtəlif cavablar verilir. Kimsə emosional zəkanı, kimsə liderliyi, kimsə kommunikasiya bacarığını önə çəkir. Başqası tənqidi düşünmə, yaradıcılıq və ya problem həll etmə bacarığını ən vacib hesab edir.

Bunların hər biri həqiqətən vacibdir. Amma mənim fikrimcə, onların hamısından daha fundamental bir bacarıq var: insanın özünü öyrədə bilməsi. Çünki insan özünü öyrətməyi bacarırsa, digər bacarıqları da zamanla əldə edə bilər. Bir insanın peşəsi dəyişməyəndə belə, işi dəyişə bilər Təsəvvür edək ki, iki insan eyni peşədə, eyni şirkətdə və təxminən eyni təcrübə ilə işləyir. Hər ikisi öz işini illərdir yaxşı bilir. Bir gün şirkət yeni proqram təminatına keçir. Birinci əməkdaş deyir: “Mən illərdir bu işi belə görürəm. Yeni proqramı şirkət mənə öyrətsin.” İkinci əməkdaş isə həmin gün evə gedir, proqram haqqında videolara baxır, məqalələr oxuyur, süni intellektdən suallar soruşur, proqramı özü sınaqdan keçirir və bir neçə gün ərzində əsas funksiyaları mənimsəyir. Bir neçə ay sonra onların peşəkar səviyyəsi artıq eyni deyil. Birinci əməkdaş hələ də yeni sistemə uyğunlaşmağa çalışır. İkinci əməkdaş isə yeni sistemin imkanlarından istifadə etməklə öz işini daha sürətli və daha keyfiyyətli görməyə başlayıb. Əslində, burada fərqi yaradan onların ilkin bilikləri deyil. Fərqi yaradan öyrənmə sürətidir.

Bu nümunəni bu gün demək olar ki, bütün sahələrə tətbiq etmək mümkündür. Müəllimlər, menecerlər, həkimlər, mühəndislər, sahibkarlar, dövlət qulluqçuları, marketoloqlar və digər peşə sahibləri üçün əsas sual getdikcə “Mən nə bilirəm?” sualından “Mən yeni bir şeyi nə qədər tez öyrənə bilirəm?” sualına çevrilir.

Özünü öyrənən insanın üstünlüyü. 

Özünü öyrənmək sadəcə internetdə məlumat axtarmaq deyil. İnsan əvvəlcə nəyi bilmədiyini müəyyən etməlidir. Sonra həmin bilik üçün doğru mənbəni tapmalıdır. Tapdığı məlumatın etibarlılığını qiymətləndirməlidir. Öyrəndiklərini sistemləşdirməli və praktikada tətbiq etməlidir. Daha sonra isə nəticəyə baxmalı və lazım gəldikdə öz yanaşmasını dəyişməlidir. Bu, artıq sadə informasiya toplamaq deyil. Bu, öyrənmə prosesini idarə etməkdir. Məsələn, bir insan qərar verir ki, süni intellektdən öz işində istifadə etməyi öyrənəcək. O, bunun üçün sadəcə bir neçə video izləyib dayanmır. Əvvəlcə özünə sual verir: “Mən süni intellekti hansı işlərimdə istifadə edə bilərəm?” Sonra konkret ehtiyaclarını müəyyənləşdirir. Məsələn, təqdimat hazırlamaq, məlumatı təhlil etmək, müştərilərlə kommunikasiya və ya gündəlik işlərin avtomatlaşdırılması. Daha sonra hər bir istiqamət üzrə ayrıca öyrənməyə başlayır. Öyrəndiyini dərhal tətbiq edir. Nəticə zəifdirsə, yenidən araşdırır, başqa üsul sınayır və təcrübəni davam etdirir. Bir müddət sonra o, sadəcə “süni intellekt haqqında məlumatlı” insan olmur. Ondan real işində istifadə edə bilən insana çevrilir. Bu fərq çox vacibdir. Çünki gələcəyin əmək bazarında yalnız nəyisə bilmək kifayət etməyəcək. Həmin biliyi işə çevirmək bacarığı daha böyük əhəmiyyət daşıyacaq.

Abraham Linkoln-un hekayəsi. 

Özünü öyrənmə bacarığının insan həyatını necə dəyişə biləcəyini göstərən tarixi nümunələr də çoxdur. Abraham Linkoln formal təhsil baxımından imkanları məhdud bir mühitdə böyümüşdü. Onun uşaqlıq və gənclik illərində uzunmüddətli, sistemli məktəb təhsili almaq imkanları çox məhdud idi. Buna baxmayaraq, o, öyrənməyi dayandırmadı. Kitab tapdıqca oxudu, müxtəlif mənbələrdən öyrəndi, hüquq sahəsində özünü inkişaf etdirdi və nəticədə ABŞ tarixinin ən tanınmış prezidentlərindən birinə çevrildi. Burada əsas məsələ onun nə qədər məktəbə getməsi deyil. Əsas məsələ öyrənməyə münasibətidir.

İnsan özünü inkişaf etdirməyi yalnız formal təhsil sistemi ilə məhdudlaşdırmırsa, onun öyrənmə imkanları da əhəmiyyətli dərəcədə genişlənir. Bu gün bizim vəziyyətimiz isə Linkolnun dövründən tamamilə fərqlidir. Onun üçün bir kitab tapmaq belə ciddi məsələ ola bilərdi. Bu gün isə dünyanın ən böyük kitabxanaları, universitetləri, kursları, ekspertləri və tədris materialları bir neçə saniyəlik məsafədədir. Bizim əsas problemimiz artıq öyrənmək imkanının olmaması deyil. Əsas problem nəyi, niyə və necə öyrənəcəyimizi seçməkdir.

İnformasiya bolluğu niyə bəzən problemə çevrilir? 

Müasir insanın qarşısında əvvəlki nəsillərin təsəvvür edə bilməyəcəyi qədər böyük informasiya imkanları var. İstənilən mövzuda minlərlə video, məqalə, kitab, kurs və müzakirə tapmaq mümkündür. Süni intellektdən istifadə etməklə bir mövzunu müxtəlif formalarda izah etdirmək, suallar vermək, nümunələr almaq və öyrəndiklərini yoxlamaq mümkündür. Amma informasiya bolluğu avtomatik olaraq öyrənmək demək deyil. Əksinə, bəzən insan nə qədər çox informasiya ilə qarşılaşırsa, bir o qədər də çaşqın vəziyyətə düşür. Bir video izləyir, sonra başqa bir video tapır. Bir kursa başlayır, sonra daha yaxşı görünən başqa kursa keçir. Bir kitab alır, bir neçə səhifə oxuyub başqa kitaba keçir. Nəticədə çox şeyə toxunur, amma heç birini kifayət qədər dərindən öyrənmir. Deməli, self-study yalnız “özüm öyrənəcəyəm” qərarı deyil. O, həm də intizam, seçim və davamlılıq bacarığıdır.

Bəs müəllim və təlimçi lazım deyilmi? 

Burada başqa bir yanlış anlaşılmanın qarşısını almaq lazımdır. Özünü öyrənməyi bacarmaq müəllimə, təlimçiyə və ya mentora ehtiyacın olmadığı anlamına gəlmir. Əksinə, yaxşı müəllim və mentor insanın öyrənmə prosesini ciddi şəkildə sürətləndirə bilər. Təcrübəli insan səhvlərin qarşısını ala, düzgün istiqaməti göstərə və mürəkkəb məsələləri daha sadə şəkildə izah edə bilər. Amma bütün bunlara baxmayaraq, öyrənən insanın məsuliyyəti öz üzərində qalır. Ən yaxşı müəllim belə sizin yerinizə öyrənə bilməz. Ən yaxşı mentor belə sizin yerinizə məşq edə bilməz. Ən yaxşı təlim belə sizin yerinizə düşünə bilməz. Ona görə də yaxşı təhsil insanı müəllimdən asılı vəziyyətə gətirməməlidir. Əksinə, onu zaman keçdikcə daha müstəqil öyrənən insana çevirməlidir.

Gələcəyin ən böyük üstünlüyü. 

Gələcəyi dəqiq proqnozlaşdırmaq çətindir. Hansı peşələrin yox olacağını, hansılarının yaranacağını və hansı bacarıqların daha çox tələb olunacağını tam dəqiqliklə bilmək mümkün deyil. Amma bir şeyi təxmin etmək mümkündür: dəyişiklik davam edəcək. Yeni texnologiyalar gələcək. Yeni iş üsulları yaranacaq. Bəzi peşələr dəyişəcək, bəzi vəzifələr avtomatlaşdırılacaq. İnsanların istifadə etdiyi alətlər yenilənəcək. Belə bir şəraitdə insanın bütün gələcəyi üçün lazım olacaq konkret bacarıqlar siyahısını hazırlamaq çətindir. Amma başqa bir şey mümkündür: insanı yeni bacarıqları öyrənməyə hazır vəziyyətə gətirmək. Məhz buna görə mən “ən vacib bacarıq hansıdır?” sualına cavab verərkən yalnız liderlik, kommunikasiya, emosional zəka və ya tənqidi düşünmə kimi bacarıqlardan birini seçməzdim. Mən bir qədər daha fundamental səviyyəyə gedərdim.

Ən vacib bacarıq öyrənməyi öyrənməkdir. 

Çünki bu bacarıq insana digər bacarıqları əldə etmək imkanı verir. İnsan bilmədiyi bir şeyi öyrənə biləcəyinə inanırsa, dəyişiklik qarşısında daha az qorxur. Yeni texnologiya qarşısında daha çevik olur. Peşəsində daha uzun müddət aktual qala bilir. Yeni imkanları daha tez görür. Öz inkişafının məsuliyyətini başqasının üzərinə qoymur. Ən əsası isə bir müddət sonra insanın düşüncə tərzi dəyişir. O artıq “Mən bunu bilmirəm” cümləsində dayanmır. Ardınca başqa bir sual gəlir:

“Bunu necə öyrənə bilərəm?” 

Məncə, gələcəyin ən vacib bacarığı məhz bu sualı verə bilmək və onun cavabını özü axtarmaqdır. Çünki gələcəkdə hər şeyi bilən insan olmaq mümkün deyil. Amma öyrənməyə davam edən insan olmaq mümkündür. Və sürətlə dəyişən dünyada insanın ən böyük üstünlüyü də məhz bu ola bilər.

Əvvəlki Məqalə

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

U Coaching Institute

Biz insan potensialının reallaşması, əlaqələrin dərinləşməsi və öyrənmənin yaradıcı yollarla təşviq olunması üçün fəaliyyət göstəririk. Təlim, kouçinq, sənət və icma ruhunu bir araya gətirərək həm fərdi, həm də təşkilati inkişafı dəstəkləyirik

Təlimlər

Ən Son Məqalələr

  • All Post
  • Həqiqət və İlluziya
  • İş və Karyera
  • Kouçinq
  • Liderlik
  • Şəxsi İnkişaf
  • Üzvlər Üçün

TOT TƏLİMİ

Təlimçilər üçün Təlim (TOT)

4-cü təlim qrupuna qeydiyyatdan keçin.

Təlimçilik fəlsəfəsindən təlim nəticələrinin ölçülməsinə qədər bütün proseslərlə bərabər təlimin marketinqi, maliyyə və hüquqi tərəflərinin və təlimçinin nitq, diksiya, bədən dilinin inkişafına dəstək olan tədris proqramı.

Başlanma tarixi: 29 sentyabr, 2026

U  Dönüşünüzdə Partnyor Bələdçiniz.


© 2026 U Coaching Institute |  Bütün hüquqlar Qorunur | Hazırladı: NaheedPix

error: Bu məzmun qorunur və icazəsiz istifadəsi qadağandır!!!